Ziyafət Əsgərov: “Yeni layihə Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyi daha dəqiq ifadə edir”

Ziyafət Əsgərov

© APA | Ziyafət Əsgərov

# 07 oktyabr 2021 15:27 (UTC +04:00)

“Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində, həmçinin, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yaranıb. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı Milli Məclisə qanun layihəsinin təqdim olunması məhz bu baxımdan bir zərurətdir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Parlamentin komitə sədri deyib ki, Vətən müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri edib: “Azərbaycanın Vətən müharibəsində tarixi ədaləti bərpa etməsi SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri aktuallaşdırdı. O cümlədən dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yaranıb. 18 oktyabr Dövlət Müstəqilliyi Günü adlandırılsa da, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" adlanır. Digər tərəfdən, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında qeyd edilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. Göründüyü kimi, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının məzmunu və başlığı arasında texniki uyğunsuzluğa yol verilib, nəticədə aktın adı “müstəqilliyin bərpası” əvəzinə, “müstəqillik aktı” kimi qəbul olunub. Nəzərdə tutulan düzəliş məhz bu uyğunsuzluğu aradan qaldırır”.

Z. Əsgərov düzəlişlərin Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin etdiyini də vurğulayıb: “28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcək”.

Parlamentin komitə sədri Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himninin müasir Azərbaycan Respublikasının dövlət rəmzləri olduğunu xatırladıb: “Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir”.

Z. Əsgərov dünyanın əksər ölkələrinin də müstəqilliklərini əldə etdikləri günü Müstəqillik Günü, İstiqlaliyyət Günü adlandırdıqlarını nəzərə çatdırıb: “Məsələn, qonşu Gürcüstanda da milli dövlətin doğum günü “Respublika günü” deyil, “Müstəqillik günü” adlandırılır. ABŞ isə öz yaranma tarixini “İstiqlaliyyət günü” kimi qeyd edir”.

Qeyd edək ki, “Müstəqillik Günü haqqında” qanun layihəsi Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR